SOCAR-ın Türkiyədəki zavodu neft koksu istehsalını 3 % artırıb

Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 67 min 775 tona yaxın neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 min 889 ton və ya 2,9 % çoxdur.

Ümumilikdə, 2023-cü ilin iyun ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 176 min 496 tondan çox neft koksu istehsal edilib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 27 min 566 ton və ya 18,5 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Digər xəbərlər