Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 109 min 458 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 34 min 991 ton və ya 47 % çoxdur.
Yalnız may ayında STAR NEZ tərəfindən 21 min 962 tona yaxın LPG istehsal edilib. Bu da 2024-cü ilin may ayı ilə müqayisədə 9 min 316 ton və ya 73,7 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar-may aylarında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 452 min 111 tona yaxın LPG istehsal edilib ki, bu da 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 60 min 946 ton və ya 15,6 % çoxdur.
Mayda isə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 99 min 293 tondan çox LPG istehsal edilib ki, bu da 2024-cü ilin may ayı ilə müqayisədə 27 min 117 ton və ya 37,6 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.