SOCAR-ın Karbamid Zavodu məhsulunu 15-dən çox ölkəyə ixrac edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu hazırda məhsulunu 15-dən çox ölkəyə ixrac edir.

"Report"un məlumatına görə, bu barədə zavodun İstehsalat Şöbəsinin rəisi Şöhrət Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, karbamid gübrəsi əsasən Qara dəniz sahilində yerləşən ölkələrə, o cümlədən Türkiyə, Gürcüstan, ABŞ, Argentina və Braziliyaya ixrac olunur. “Hindistan dünyanın ən böyük gübrə istehsalçılarından biridir, lakin biz onlara da karbamid gübrəsi satırıq”,- deyə o bildirib.

O vurğulayıb ki, SOCAR Karbamid Zavodunun illik istehsal gücü 650-660 min ton təşkil edir: “2024-cü ildə bu göstərici 652 min tonu keçib. Builki məqsəd isə bu rəqəmi daha da artırmaqdır. Zavod daxili bazarın tələbatını tam qarşılayır. Layihələndirilərkən nəzərə alınıb ki, istehsalın 30 %-i daxili bazara, 70 %-i isə ixraca yönəldilsin. Lakin hazırda daxili bazarın təminatı 20 % kifayət edir ".

Qeyd edək ki, Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. Təməli 2011-ci ildə qoyulan Karbamid zavodunun açılış mərasimi 16 yanvar 2019-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Sumqayıt şəhərində yerləşən zavodun layihələndirilməsi və tikintisi ammonyak istehsalı üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında Cənubi Koreyanın “Samsung Engineering” şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın “Neste Engineering Solutions” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub və 18 milyon adam-saatdan çox iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

SOCAR-ın Karbamid zavodu, istismara verildiyi dövrdə ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin, layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən, təxminən, 100 milyon avro məbləğində vəsait ayrılıb.

Karbamid zavodu il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Zavod istismara verilənədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, hazırda bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70 %-dən çox hissəsini ixrac edir. Nəticədə daha əvvəl idxal üçün sərf edilən milyonlarla valyuta vəsaiti ölkədə qalır, eyni zamanda ölkənin qeyri-neft ixrac gəlirlərini artırır.

Digər xəbərlər