Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) azad edilmiş ərazilərdə və Neftçalada geotermal enerji layihələri üçün sərmayə tərəfdaşı axtarır.
"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
Ə.İsayev qeyd edib ki, süni intellektin tətbiqində bəzən səhvlər və ya "halüsinasiya" halları yaşansa da, öyrənmə və təkmilləşmə prosesi davam edir: "Dünya İqtisadi Forumunun proqramına gəldikdə, onların "Mayak" (Lighthouse) mükafat proqramı var. SOCAR bu il "downstream" əməliyyatlarımızda süni intellektin tətbiqi ilə bağlı üçüncü mükafatı qazanıb. Bizim karbamid istehsal edən müəssisəmiz var və orada ondan istifadə etməklə, əslində, enerji səmərəliliyinə nail ola, xammaldan istifadəni optimallaşdıra bilərik və bu da çox yaxşı nəticə verir. Bununla belə, yeni texnologiyalara gəldikdə, BCG ilə birlikdə etdiyimiz işlərdən biri SOCAR-da metanla bağlı yeni süni intellekt imkanlarını inkişaf etdirmək olub".
SOCAR rəsmisi bildirib ki, Azərbaycanda geotermal enerjinin potensialını üzə çıxarmaq gündəlikdədir: "Yaxşı haldır ki, Energetika Nazirliyi, hökumət, İqtisadiyyat Nazirliyi növbəti mərhələdə müəyyən mexanizmlər hazırlamağa başlayacaq və biz çox ümid edirik ki, bu mexanizmlər geotermal sənayedə risklərin azaldılmasına kömək edəcək. Çünki Beynəlxalq Geotermal Agentlik və tərəfdaşlarla danışanda, layihələrin faktiki inkişafına başlamazdan əvvəl ilk növbədə bunlar baş verməlidir".
O qeyd edib ki, SOCAR "Schlumberger" kimi tərəfdaşları ilə birlikdə azad edilmiş ərazilərlə bağlı ilkin araşdırmalara ("desktop studies"), Neftçala ərazisi üçün isə "Baker Hughes" ilə birlikdə baxır: "Elektrik enerjisi istehsalı və ya ərazi istilik təchizatı üçün dərin qatlarda potensialı üzə çıxarmaq baxımından çox gözəl imkan var. Odur ki, hazırkı mərhələdə geotermal enerjini və isitmə məqsədli texnologiyaları bilən sərmayə tərəfdaşı axtarırıq ki, birlikdə komanda quraraq, ümid edirik ki, gələn ildən başlayaraq bu iki sahəni inkişaf etdirməyə başlayaq".