Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbonsuzlaşdırma planının hazırlanması bu ilin yayın sonuna qədər yekunlaşacaq.
“Report”un “Business News Europe” nəşrinə istinadən verdiyi məlumata görə, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin icraçı direktoru Əfqan İsayev Səmərqənd şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, SOCAR Azərbaycanda dekarbonizasiya planı üzərində işləyir: “Bu ilin yayın sonuna qədər başa çatdırılması gözlənilir”.
İ. İsayev bildirib ki, bu, ilk növbədə şirkətin karbon izinin hesablanması və karbonsuzlaşdırma fəaliyyət planının hazırlanmasını əhatə edəcək: “İkincisi, “Gələcəyin enerjisi və karbonsuzlaşdırma” adlı yeni biznes bölməsinin yaradılması planlaşdırılır ki, onun çərçivəsində yeni şirkət yaradılacaq”.
O bildirib ki, “SOCAR Green” MMC təmiz enerji istehsalı, enerji səmərəliliyi və digər layihələr üzrə SOCAR tərəfdaşları ilə qarşılıqlı fəaliyyət göstərəcək: “Nəhayət, plan SOCAR-ın Azərbaycanın milli dekarbonizasiya fəaliyyət planlarına necə töhfə verə biləcəyinə diqqət yetirəcək”.