SOCAR AQŞ MMC 2025-ci ili 44,027 milyon manat xalis zərərlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7,6 % çoxdur.
Ötən il SOCAR AQŞ-nin gəliri 68,871 milyon manat (əvvəlki ilə nisbətən 19,9 % az), xidmətlərinin maya dəyəri 105,6 milyon manat (20,3 % az), ümumi və inzibati xərcləri 15,464 milyon manat (23,5 % az), torpaq, tikili və avadanlıqların qiymətdən düşməsi üzrə xərcləri 926 min manat (ötən il olmayıb), avans ödənişləri üzrə qiymətdən düşmə ehtiyatı üzrə xərci 1,869 milyon manat (ötən il olmayıb), maliyyə və müqavilə aktivləri üzrə gözlənilən kredit zərərləri üzrə xalis ayırmaları 14,654 milyon manat (2,1 dəfə çox), digər gəlirləri 3,99 milyon manat (4,7 dəfə çox), maliyyə xərcləri 6,668 milyon manat (5,3 dəfə çox), valyuta məzənnəsi fərqindən zərəri 1,123 milyon manat (8,7 dəfə çox), birgə müəssisələrdəki payından gəliri 27,56 milyon manat (4,6 % az), mənfəət vergisi ödəmələri 1,856 milyon manat (2,3 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə SOCAR AQŞ-nin aktivləri 380,378 milyon manat olub ki, bu da illik müqayisədə 2,3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 12,6 % artaraq 300,886 milyon manata çatıb, balans kapitalı isə 34,8 % azalaraq 79,492 milyon manata düşüb.
Xatırladaq ki, SOCAR-AQŞ 2007-ci ildə yaradılıb, neft-qaz quyularının qazılması və təmiri ilə məşğuldur. Onun nizamnamə kapitalı 571 min manatdır. Şirkətin təsisçiləri 13,4 % payla Dövlət Neft Şirkəti (SOCAR), 73,8 % payla "Nobel Oil LTD" şirkətinin Azərbaycandakı filialı və 12,8 % payla "Abşeron Qazma" MMC-dir.