Ötən il Azərbaycanda 1 ton neftin istehsal maya dəyəri 129,45 manat təşkil edib.
Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ilin hesabatına istinadən xəbər verib.
Hesabata əsasən, bu, 2021-ci illə müqayisədə 13,93 manat və ya 12,1 % çoxdur.
Məlumata görə, SOCAR üzrə neftin hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi – 3,2 %, yanacaq – 0,2 %, elektrik enerjisi xərci 0,9 %, əmək haqqı – 17 %, sosial sığorta fonduna ayırmalar – 3,9 %, əsas vəsaitlərin amortizasiyası – 19,8 %, əsas vəsaitlərin təmiri 8,8 %, əsas vəsaitlərə texniki xidmət – 4,7 %, nəqliyyat xərcləri- 10 %, mühafizə xərcləri – 2,4 %, mədən vergisi - 7,9 %, digər vergilər - 4,9 %, digər xidmətlər üzrə xərclər - 13,8 %, digər xərclər isə - 2,5 % təşkil edir.
“Neftin maya dəyərinin artması keçən 2021-ci ilə nisbətən yanacaq, əmək haqqı və sosial sığorta, əsas vəsaitlərin amortizasiya, obyektlərin təmiri, əsaslı təmir və texniki xidmət, nəqliyyat, mühafizə və digər xidmət xərclərinin artması hesabına baş verib. Belə ki, yanacaq xərclərinin 471 min manat (36,1 %), əmək haqqı xərcləri 28 milyon 530 min manat (22,6 %), sosial sığorta xərcləri 5 milyon 749 min manat (19,4 %), əsas vəsaitlərin amortizasiya xərcləri 15 milyon 609 min manat (9,5 %), obyektlərin təmiri xərcləri 11 milyon 745 min manat (17,3 %), əsas vəsaitlərə texniki xidmət xərcləri 2 milyon 470 min manat (6,2 %), nəqliyyat xərcləri 4 milyon 634 min manat (5,4 %), mühafizə xərcləri 4 milyon 421 min manat (25,5 %) və digər xidmət xərcləri 30 milyon 218 min manat (31,7 %) artıb”,- hesabatda deyilir.