Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində yerləşən, bu ölkənin birbaşa xarici yatırımçısı “SOCAR Türkiyə” şirkətinə daxil olan “Petkim” şirkəti bu ilin II rübünü 221 milyon lirə xalis mənfəətlə başa vurub.
“Report”un “Petkim”in hesabatına istinadən verdiyi məlumata görə, bu, I rüblə müqayisədə 90 milyon lirə və yaxud 68,7 % çoxdur.
Ötən rüb şirkətin xalis satışdan gəlirləri 10 milyard 612 milyon lirə təşkil edib. Bu isə əvvəlki rübə nisbətən 1 milyard 414 milyon lirə və yaxud 15 % çoxdur.
Şirkətdən bildirilib ki, “Petkim” neft-kimya sənayesində qlobal tələbin azalması, təklifin artması fonunda məhsul qiymətlərinin aşağı düşməsinə, mənfəət marjasının azalmasına baxmayaraq, güclü balansa malikdir və nağd pul mövqeyini qoruyub saxlamağı bacarıb. Bu nəticələrin əldə olunmasında şirkətin rəhbərliyinin səmərəli planlaşdırılması, xammal təminatında həyata keçirilən tədbirlər və uğurlu əməliyyat qərarları həlledici olub.
Beləliklə, Avropa bazarlarında tələbin azalmasının davam etməsinə baxmayaraq, “Petkim” II rübdə xammalın daha əlverişli şərtlərlə tədarükünün və STAR Neft Emalı Zavodunun inteqrasiyasının üstünlüklərini qoruyub saxlayıb.