“Petkim” kimya sektorunun lideri seçilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivlərindən olan “Petkim” neft-kimya kompleksi “Turkishtime” jurnalının “AR-GE 250” araşdırmasında kimya sektorunun lideri seçilib.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, “Petkim” istehsalatda yeni texnologiyaların tətbiqinə ayırdığı sərmayə yatırımına görə lider şirkətdir.

Məlumata görə, “AR-GE 250” şirkətlərin tədqiqat və inkişaf sahəsinə investiya qoyuluşu əsasında hazırlanır: “Petkim gələcək inkişafda da keyfiyyətli istehsal prosesinə üstünlük verməkdə davam edəcək”.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. SOCAR “Petkim Holding”də 51 % paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

Əliağa yarımadasında yerləşən "Petkim" neft-kimya kompleksi, STAR Neft Emalı Zavodu, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

SOCAR-ın Türkiyədəki ən iri yatırımlarından biri olan “Petkim” neft-kimya kompleksi bu ilin üçüncü rübünü uğurla başa vurub.

Koronavirus (COVID-2019) pandemiyasının bütün dünyada davam etməsinə baxmayaraq, hesabat dövründə “Petkim”in əldə etdiyi mənfəət 311 milyon türk lirəsi (36,7 mln ABŞ dolları) təşkil edib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17
Azərbaycan nefti ucuzlaşıb 30 dekabr, 2025 / 09:59