Ötən il Azərbaycan benzin istehsalını artırıb

2022-ci il ərzində Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 4 milyard 136,3 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2021-ci illə müqayisədə 4,2 % azdır.

Hesabat dövründə 1 milyon 282,7 min ton həcmində avtomobil benzini, 2 milyon 40 min ton dizel yanacağı, 44,6 min ton sürtkü yağları, 342,4 min ton neft bitumu istehsal edilib.

Belə ki, il ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 1,4 % artıb, neft bitumunun istehsalı 5,5 %, dizel yanacağının istehsalı 15,5 %, sürtkü yağlarının istehsalı 23,5 %, azalıb.

Həmçinin, 2022-ci il ərzində ölkədə 296,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 563,6 min ton ağ neft, 77,7 min ton yanacaq mazutu, 209,6 min ton neft koksu istehsal edilib.

Son bir ildə Azərbaycanda neft-kimya sənayesində istifadə üçün benzin istehsalı son bir ildə 21,6 %, neft koksunun istehsalı 18,2 %, yanacaq mazutunun istehsalı 26,9 % azalıb, ağ neftin istehsalı 14,6 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin birinci mərhələsi 2023-cü idə yekunlaşacaq, ikinci mərhələnin başa çatması isə 2027-ci ilin sonuna planlaşdırılır. Layihə nəticəsində NEZ bütün Xəzər dənizi ölkələrinin neftini emal edə biləcək.

Digər xəbərlər