2022-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat gündəlik orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2022-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bildirilir ki, bu, 2021-ci ilin yekunları ilə müqayisədə 43 min barel və ya ümumilikdə 15 milyon barel, yaxud 13,04 % az olub.
2022-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl ərzində AÇG-dən ümumi hasilat – “Çıraq” (25 200 barel), “Mərkəzi Azəri” (104 100 barel), “Qərbi Azəri” (106 400 barel), “Şərqi Azəri” (64 min barel), “Dərinsulu Günəşli” (76 300 barel) və “Qərbi Çıraq” (39 400 barel) platformalarından birlikdə təşkil edib.
“BP-Azerbaijan” bildirir ki, ilin ikinci rübündə AÇG-nin illik iş proqramının bir hissəsi olaraq “Şərqi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib: “Plana əsasən “Şərqi Azəri” platformasından hasilat təxminən 15 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılmış bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb”.
İlin sonunda AÇG-də ümumilikdə 141 neft hasilat quyusu, 41 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
2022-ci ildə AÇG-də 12 neft hasilatı və 3 su injektor quyusu tamamlanıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.