Bu ilin yanvar ayından bu günə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə 123 349 müraciət daxil olub.
“Report” xəbər verir ki, bunu İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün qurumda keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 826 müraciət azalıb.
X.Şimşək bildirib ki, bu il ötən ilin eyni dövrü ilə müqayisədə 507 az müraciət qaz təzyiqinin aşağı olması ilə bağlı olub: “Bu müddətdə daxil olan müraciətlərin arasında sayğaclarla bağlı müraciətlərin sayında 454 ədəd azalma var: “Bu il daxil olan müraciətlər arasında sızma ilə bağlı müraciətlərin sayı 363 ədəd azalıb.
X.Şimşək vurğulayıb ki, müraciətlərin azalmasına səbəb bu müddət ərzində aparılan maarifləndirmə, yenidənqurma işləri olub: “Aparılan yenidənqurma və bərpa, həmçinin sayğacların dəyişdirilməsi işləri sayəsində qaz təzyiqi və sayğacların istismarı ilə bağlı müraciətlərin sayı azalıb”.