Bakı qlobal neft sənayesinin beşiyi olmaqla yanaşı, dünya neft tarixində bir çox ilklərə imza atmış şəhərdir.
"Report" xəbər verir ki, bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qaysın Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.
O, Bakıya yenidən səfər etməkdən məmnun olduğunu qeyd edib və şəhəri qlobal neft sənayesinin beşiyi, eləcə də bir çox tarixi yeniliklərin müəllifi adlandırıb: "OPEC-in Azərbaycanla münasibətləri əladır və bu əlaqələr Əməkdaşlıq Bəyannaməsi, "OPEC+" prosesi və digər əməkdaşlıq mexanizmləri çərçivəsində illər ərzində daha da möhkəmlənib. Dünyanın ilk məlum dəniz neft quyuları hazırkı tədbirin keçirildiyi yerdən təxminən 5 kilometr məsafədə hələ 1803-cü ildə qazılıb. 1846-cı ildə Bibiheybətdə dünyanın ilk mexaniki üsulla qazılmış neft quyusu istifadəyə verilib. 1871-ci ildə ilk taxta neft buruğu, 1877-ci ildə isə dünyada ilk neft tankeri də məhz Azərbaycanda yaradılıb".