OPEC+ formatının bu gün axşam keçiriləcək növbəti iclası ərəfəsində dünya bazarında neft qiymətləri bir qədər artıb.
“Report” xəbər verir ki, günorta saatlarında keçirilən hərraclarda “Brent” markalı neftin yanvar fyüçersləri 1,48% bahalaşaraq 82,42 ABŞ dollarından, “WTI” markalı neftin dekabr fyüçersləri isə 1,17% bahalaşaraq 81,81 dollardan satılıb. Əvvəlki hərracda isə hər iki marka müvafiq olaraq 3,2% və 3,6% ucuzlaşmışdı. Bu da ABŞ-da neft ehtiyatlarının gözlənildiyindən daha çox artmasına dair rəsmi açıqlamanın təsiri ilə baş verib.
Qarşıdakı OPEC+ iclasında dekabr ayında neft hasilatının həcminə dair qərar veriləcəyi gözlənilir. Bundan əvvəl mətbuatda yayılan xəbərlərə görə, ABŞ gündəlik hasilatı 600-800 min barel artırmaq üçün müraciət edib, amma buna müsbət cavab veriləcəyi müəmmalı görünür.
“Çox güman ki, OPEC+-un sonrakı addımları ətrafında söz-söhbət qızışdıqca qiymətlərin tərəddüdü davam edəcək. Əgər alyans gözlənildiyi kimi gündəlik hasilatı 400 min barel artırmaq qərarına gəlsə, onda qiymətlər yenidən artacaq” – deyə “VI Investment” şirkətinin xammal eksperti Uill Sunqçil Yun “Bloomberg”ə bildirib.