MOL III rübdə Azərbaycanda karbohidrogen hasilatını azaldıb

Bu ilin III rübündə Macarıstanın MOL şirkətinin Azərbaycanda gündəlik karbohidrogen hasilatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % azalaraq 12,5 min barel neft ekvivalenti (bne) təşkil edib.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə dünya üzrə layihələrdən (Macarıstan, Xorvatiya, İraq Kürdüstanı, Pakistan, Azərbaycan və s.) MOL-un ümumi orta gündəlik karbohidrogen hasilatı 96,2 min bne (10,8 % artım) təşkil edib. Beləliklə, qeyd olunan dövrdə şirkətin ümumi istehsalının 7,7 %-i Azərbaycanın payına düşüb.

Hazırda MOL “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 9,57 %, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində isə 8,9 % paya malikdir. Həmçinin bu il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “MOL Hungarian Oil and Gas” şirkəti arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanıb.

“MOL Group” hazırda 8 ölkədə hasilat fəaliyyətinə və 9 ölkədə kəşfiyyat aktivlərinə malikdir.

Digər xəbərlər