Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 75,6 milyon ABŞ dolları dəyərində 95,73 min ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq 21 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,1 milyard ABŞ dolları dəyərində 1 milyon 312 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 17,5 % və 15 % çoxdur.
Bu ilin ilk 10 ayında Gürcüstana Rusiyadan 438 milyon ABŞ dolları dəyərində 581 min ton, Bolqarıstandan 135 milyon ABŞ dolları dəyərində 155 min ton, Rumıniyadan 134 milyon ABŞ dolları dəyərində 163 min ton, Türkiyədən 59 milyon ABŞ dolları dəyərində 56 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.