Cənub Qaz Dəhlizinin (SGC) təcrübəsinin bərpa olunan enerji layihələrinin həyata keçirilməsində tətbiqi nəzərəçarpacaq nəticələr verəcək.
“Report” xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.
Onun sözlərinə görə, nazirlər səviyyəsində müzakirələr bir daha qarşılıqlı əlaqələrin inkişafının və davamlı regional inkişaf üçün "yaşıl enerji” dəhlizlərinin yaradılmasının vacibliyini təsdiqləyir.
"Azərbaycan uzun müddətdir ki, Cənub Qaz Dəhlizi kimi strateji beynəlxalq layihələri həyata keçirərək qarşılıqlı əlaqələrin inkişafını dəstəkləyir. Ölkəmiz dəfələrlə yüksək səmərəli böyük enerji təşəbbüslərinin yaradılması və idarə edilməsində etibarlı tərəfdaş olduğunu sübut edib. SGC-nin uğuru hökumətlərarası sazişlərdən istifadə, həmçinin beynəlxalq və regional maliyyə institutlarının iştirakı ilə əhəmiyyətli birgə maliyyə cəlb edilməklə "yaşıl enerji” sahəsində qarşılıqlı əlaqənin təşviq edilməsi üçün mühüm oriyentir ola bilər", - o qeyd edib.
Ə.İsayev SGC çərçivəsində mükəmməl işin görüldüyünü vurğulayıb və bu uğurun "yaşıl enerji” qarşılıqlı əlaqəsi sahəsində təkrarlanacağına ümidvar olduğunu bildirib.
"Biz səmimi olaraq inanırıq ki, SGC təcrübəsinin bərpa olunan enerji mənbələri (BOEM) sahəsində layihələrin həyata keçirilməsində tətbiqi nəzərəçarpacaq nəticələr verəcək. SGC əməkdaşlıq modelinə əsaslanan xüsusi konsorsiumun yaradılması qlobal siyasi dəstəyin təmin edilməsi və ən böyük beynəlxalq maliyyə institutlarından maliyyənin cəlb edilməsi üçün mühüm addım olacaq. Belə bir konsorsium ən yaxşı təcrübələrin mübadiləsinə, bərpa olunan enerji sahəsində transmilli təşəbbüslərin dəstəklənməsinə və transsərhəd ekoloji təmiz enerji ticarətinin inkişafına kömək edəcək. Biz birlikdə hərəkət edərək və toplanmış təcrübədən istifadə edərək enerji sahəsində qarşılıqlı əlaqə layihələrinin təkcə iddialı deyil, həm də yaxın gələcəkdə həyata keçirilə bilən olmasını təmin edə bilərik", - o əlavə edib.