Bu ilin üçüncü rübündə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz 2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə üçüncü rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bildirilir ki, bu cinahdan hasilatın başlanması üçün quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam edib. Layihə çərçivəsində şərq-şimal cinahının istismar sınaqlarına gəmidən dəstək işləri tamamlanıb və hazırda bütün sistemin təhvil verilməsi üçün platformada aparılan istismar sınaqları davam edir.
Üçüncü rüb ərzində “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. “İstiqlal” qazma qurğusu SDF03z quyusunun tamamlama işlərini bitirib və SDF05 quyusunun tamamlama işlərinə başlayıb.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
Qeyd edık ki, bu il “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunur. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.
Qeyd edək ki, layihədə BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.