Bu ilin yanvar-iyun aylarında Azərbaycan 46,8 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilib.
Bu, 2022-ci ilin 6 ayının göstəricisi ilə müqayisədə 23,9 milyon ABŞ dolları və yaxud 33,8 % azdır.
Bu ilin iyun ayında Azərbaycan 9 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon ABŞ dolları və yaxud 15,1 % azdır.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.