Bu ilin yanvar-may aylarında Azərbaycanda 20,2 milyard kubmetr təbii qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-may ayları üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, ötən ilin müvafiq dövrünə nisbətən 3 %, yəni 600 milyon kubmetr artımla qaz hasil edilib.
Bildirilir ki. qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 11,1 milyard kubmetri “Şahdəniz”dən, 3,7 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə AÇG-də qaz hasilatı 0,4 milyard kubmetr və ya 6,9 % azdır. Bu ilin ilk 5 ayında “Şahdəniz” yatağından qaz hasilatı illik müqayisədə 0,5 milyard kubmetr və ya 4,7 % çoxdur.
Bu ilin ilk rübündə SOCAR üzrə qaz hasılatının həsmi 0,5 milyard kubmetr və ya 15,6 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə və Avropaya Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Xatrırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.