Bu il Azərbaycan əmtəəlik propilen istehsalını 14 %-dən çox azaldıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 68,3 min ton həcmində propilen, 70,9 min ton həcmində polietilen, 72,7 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-iyul aylarında propilen istehsalının 65,5 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 16,4 %, əmtəəlik propilen istehsalı 14,3 % azalıb.

Bu ilin yanvar-iyul ayları ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 13,8 % və 19,1 % azalıb.

Hökumətin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanda 116,4 min ton propilenin istehsal edilməsi nəzərdə tutulur. 2023-cü ildə 104,7 min ton propilen istehsal edilməsi proqnozlaşdırılır. Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 11,7 min ton və ya 10,05 % azdır.

2024-cü ildə isə 91,8 min ton polipropilen istehsal edilməsi proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 12,9 min ton və ya 12,3 % azdır.

2025-ci ildə də 92 min ton propilen istehsal edilməsi proqnozlaşdırılır ki, bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,2 min ton və ya 0,22 % çoxdur. 2022-ci ilin yekunlarının proqnozu ilə müqayisədə isə 24,4 min ton və ya 21 % azdır.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Digər xəbərlər