"Şahdəniz" qaz-kondensat yatağında 2,9 milyard ABŞ dolları dəyərində olan "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi üzrə dənizdə tikinti işlərinə başlanılıb.
"Report" bu barədə "Şahdəniz" konsorsiumunun operatoru olan "BP Azerbaijan" şirkətinə istinadən xəbər verir.
Məlumata görə, son bir neçə həftə ərzində ŞDK platformasının dayaq blokunun əsasını təşkil edəcək dörd boru payanın dənizə daşınması və quraşdırılması uğurla başa çatdırılıb. Əməliyyatlar "Xankəndi" sualtı tikinti gəmisi vasitəsilə həyata keçirilib.
Hər birinin uzunluğu təxminən 70 metr, diametri 108 düym, çəkisi isə 292 ton olan payalar BP-nin Xəzərdə indiyədək quraşdırdığı ən böyük diametrli boru payalardır.
Quraşdırma zamanı payaların sabitliyini və şaquli vəziyyətini təmin etmək üçün xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq tavasından istifadə olunub. Həmçinin, kampaniya çərçivəsində BP-nin regiondakı əməliyyatlarında ilk dəfə paya tıxacı texnologiyası tətbiq edilib.
"Bu mərhələnin tamamlanması 2028-ci ilin birinci yarısında ŞDK platformasının dayaq blokunun quraşdırılmasına zəmin yaradır", - BP-nin məlumatında bildirilir.
Qeyd edək ki, ŞDK layihəsinin əsas məqsədi "Şahdəniz" yatağında aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını təmin etmək və yatağın qazvermə əmsalını artırmaqdır. Layihə çərçivəsində yataqdan əlavə 50 milyard kubmetrə yaxın qaz və təxminən 25 milyon barel kondensat hasil edilərək ixrac olunacaq.
Layihə çərçivəsində suyun 85 metr dərinliyində, mövcud "Şahdəniz Bravo" platformasından təxminən 3 kilometr məsafədə elektriklə işləyən, əsasən heyətsiz kompressiya platformasının tikintisi nəzərdə tutulur. Platformada hər birinin gücü 11 meqavat olan dörd kompressor quraşdırılacaq.
Yeni qurğu "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından hasil edilən qazın qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl kompressiyasını təmin edəcək.
Layihə üzrə tikinti işlərinin 2029-cu ildə başa çatdırılması planlaşdırılır. ŞDK platformasının 2029-cu ildə "Şahdəniz Alfa"dan, 2030-cu ildə isə "Şahdəniz Bravo"dan hasil edilən qazın kompressiyası üçün hazır olması gözlənilir.