Azərbaycanda rəqəmsal enerji pasportlaşdırılmasının tətbiqinə hazırlıq görülür

Azərbaycanda binaların enerji göstəricilərinin qiymətləndirilməsi və istehlakın daha səmərəli idarə olunması üçün 2027-ci il yanvarın 1-dən rəqəmsal enerji pasportlaşdırılmasının tətbiqinə hazırlıq görülür.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, günəş və külək enerjisi hesabına istehsal imkanları genişləndikcə, sənayedə, binalarda və kommunal təsərrüfatda enerji itkilərinin azaldılması, qənaətcil texnologiyaların və rəqəmsal idarəetmənin tətbiqi də xüsusi əhəmiyyət qazanır: "Bu sahədə son illərdə aparılan hüquqi və institusional islahatlar artıq praktiki nəticələrlə müşayiət olunur. Enerji idarəçilərinin sayı artıq 115-ə yüksəlib. Enerji auditi üzrə 12 ixtisas attestatı verilib. Binaların enerji göstəricilərinin qiymətləndirilməsi və istehlakın daha səmərəli idarə olunması üçün 2027-ci il yanvarın 1-dən rəqəmsal enerji pasportlaşdırılmasının tətbiqinə hazırlıq görülür. Enerji Effektivliyi İnformasiya Sistemi isə istehlak məlumatlarını, audit və hesabatlılıq proseslərini vahid rəqəmsal mühitdə birləşdirərək bu sahədə daha dəqiq təhlil və nəzarət imkanları yaradır".

Nazir vurğulayıb ki, enerji səmərəliliyinin gündəlik həyata və iqtisadi fəaliyyətə daha geniş tətbiqi üçün də konkret addımlar atılır: "Məişət avadanlıqlarından sənaye qurğularına qədər müxtəlif məhsulları əhatə edən ekodizayn və enerji etiketlənməsi üzrə 17 texniki reqlament layihəsi hazırlanıb. Bu tələblərin tətbiqi istehlakçılara məhsulları yalnız alış qiymətinə görə deyil, gələcək enerji xərclərini də nəzərə almaqla seçmək imkanı verəcək".

Digər xəbərlər