Azərbaycanda 2003-cü ildən bəri 5 400 MVt yeni generasiya gücü yaradılıb.
"Report" xəbər verir ki, bunu "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev "Xalq qəzeti"ndə dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, "AzərEnerji"nin şəbəkəsində elektrik stansiyalarının ümumi qoyuluş gücü 9 395 MVt təşkil edir: "2003-cü ildən indiyə qədər 5 400 MVt yeni generasiya gücü yaradılıb. Bunun 3 000 MVt-ı son 7 ildə tamamilə yeni tikilmiş elektrik stansiyalarının hesabına təmin olunub. Bu göstəricilər enerji istehsalı infrastrukturunun miqyasını və yenilənmə tempini əks etdirməklə yanaşı, ölkənin artan elektrik enerjisi tələbatını qarşılamaq üçün yaradılan potensialı da göstərir. Yeni generasiya obyektlərinin istifadəyə verilməsi istehsal imkanlarını artırır, enerji sisteminin etibarlılığını möhkəmləndirir və sənaye istehsalının fasiləsizliyinə şərait yaradır".
B.Rzayev qeyd edib ki, ölkədə mövcud stansiyaların texniki vəziyyətinin yaxşılaşdırılması da bu siyasətin mühüm istiqamətlərindəndir: "2019-cu ildən həyata keçirilən Reabilitasiya Proqramı çərçivəsində 1 300 MVt itirilmiş generasiya gücü bərpa edilib. Bununla yanaşı, 400 MVt gücündə "Şimal-2", 385 MVt gücündə "Qobu" və 1 880 MVt gücündə "8 Noyabr" elektrik stansiyaları istismara verilib. Burada əsas məsələ təkcə yeni stansiyaların tikilməsi deyil, eyni zamanda, mövcud istehsal güclərindən maksimum səmərə ilə istifadə olunmasıdır. Elektrik enerjisi istehsalının iqtisadi səmərəliliyi yanacaq sərfi, avadanlıqların texniki vəziyyəti, təmir işlərinin təşkili və istehsal proseslərinin idarə olunması ilə birbaşa bağlıdır. Bu baxımdan xüsusi yanacaq sərfinin azaldılması mühüm göstəricidir".
O əlavə edib ki, 2018– 2025-ci illərdə elektrik enerjisinin istehsalına sərf olunan xüsusi yanacaq sərfi 284 qram/kVt/saatdan 232 qram/kVt/saata enib: "Bu, 48,32 qram və ya təxminən, 17 % azalma deməkdir. Belə dinamika yanacaq resurslarından daha qənaətlə istifadə olunması, istehsal proseslərinin optimallaşdırılması və elektrik enerjisinin maya dəyərinə təsir edən amillərin yaxşılaşdırılması baxımından mühüm önəm daşıyır. Bu, xüsusilə yanacaq sərfinin azaldılması, eyni zamanda, ənənəvi generasiya mənbələrinin ekoloji təsirlərinin məhdudlaşdırılması istiqamətində daha çox diqqət çəkir. Qarşıdakı dövrdə elektrik enerjisinə tələbatın artacağı nəzərə alınaraq, yeni generasiya gücləri yaradılması ilə yanaşı, mövcud stansiyaların etibarlılığının artırılması, avadanlıqların müasirləşdirilməsi və istehsalın rəqəmsal vasitələrlə optimallaşdırılması əsas prioritetlərdən biri olaraq qalacaq".