Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 81 milyon 843,72 min ABŞ dolları dəyərində 240 milyon 578,15 min ton metanol (metil spirti) ixrac edilib.
"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 8 % çox, həcmi isə 28,6 % azdır.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 2,86 % təşkil edir. İlkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,41 % təşkil edib.
Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.