"Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə təxminən 60 milyard kubmetrə yaxın səmt qazı hasil edilərək Azərbaycan dövlətinə təmənnasız şəkildə təhvil verilib.
"Report" xəbər verir ki, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda artıq 33 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində Azərbaycan dövlətinin ən strateji enerji layihələrinin operatorluğu BP şirkətinə həvalə edilib: "Biz hər zaman bu işin böyük məsuliyyətini dərk edir, qürurunu yaşayır və eyni zamanda üzərimizə düşən funksiyaları effektiv şəkildə həyata keçirməyə çalışırıq. Bu illər ərzində bizim fəaliyyətimizin nəticəsində 4,5 milyard barel neft hasil olunub".
B.Aslanbəyli qeyd edib ki, "Şahdəniz" yatağından 257 milyard kubmetr qaz hasil olunub: "Eyni zamanda AÇG layihəsi üzrə təxminən 60 milyard kubmetrə yaxın səmt qazı hasil olunaraq dövlətə təmənnasız şəkildə təhvil verilib. Yəni AÇG-dən gələn səmt qazının həcmi təxminən "Şahdəniz"də hasil olunan təbii qazın təxminən 25 %-dən bir qədər aşağıdır ki, bu da layihənin nə qədər məhsuldar olduğunun göstəricisidir. Bu illər ərzində bu əməliyyatları həyata keçirmək, təbii ki, Azərbaycan Dövlət Neft Şirkətinin yaxından iştirakı və eyni zamanda Azərbaycan hökumətinin yaxından dəstəyi olmadan heç bir şəkildə mümkün olmazdı".