Azərbaycanın qazma şirkəti quruda ilk üç quyunun qazma işlərini başa çatdırıb

Azərbaycanın kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti olan “SOCAR AQŞ” Buzovna-Maştağa neft yatağında üç quyunun qazma işlərini qısa müddət ərzində başa vuraraq sifarişçiyə təhvil verib.

Bu barədə “Report”a “SOCAR AQŞ” şirkətindən məlumat verilib.

Bildirilib ki, əlamətdar nailiyyətlərdən biri Buzovna-Maştağa yatağında ən sürətli qazma əməliyyatını icra edilib, dərinliyi 2 000 metr olan quyunu 18 gün ərzində tamamlanıb. Bu, şirkətin səmərəlilik və mükəmməliyə olan sadiqliyinin bariz nümunəsidir.

Quyunun qazılması zamanı əməliyyatlar sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun aparılıb.

Layihə ən müasir “Drillmec” HH300 qazma qurğusundan istifadə etməklə başa çatdırılıb.

Qeyd edək ki, bu layihə, “SOCAR AQŞ” üçün Azərbaycanda həyata keçirilən quruda ilk qazma layihəsidir.

Xatırladaq ki, "SOCAR AQŞ" 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Nobel Energy" və "Abşeron Qazma" MMC-nin (AQŞ) təsis etdiyi kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. "SOCAR AQŞ" ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz, etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.

“SOCAR-AQŞ” 2007-ci ildə yaradılıb, neft-qaz quyularının qazılması və təmiri ilə məşğuldur. Şirkətin təsisçiləri 13,4 % payla SOCAR, 73,8 % payla “Nobel Oil LTD” şirkətinin Azərbaycandakı filialı və 12,8 % payla “Abşeron Qazma” MMC-dir.

Digər xəbərlər