Azərbaycanın metanol ixracından qazancı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə 65,7 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.

Bu, 2022-ci ilin ilk 9 ayının göstəricisi ilə müqayisədə 38,3 milyon ABŞ dolları və yaxud 36,8 % azdır.

Bu ilin sentyabr ayında isə Azərbaycan 6,8 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon ABŞ dolları və ya 40,9 % azdır.

Hesabat dövründə Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Digər xəbərlər