Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu göstərici Türkiyənin ümumi qaz ixracında 66,93 % paya bərabər olub.

Bu ilin sentyabr ayında Türkiyədən Suriyaya cəmi 157 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 55,92 % çoxdur. Sentyabrda bu göstərici Türkiyənin ümumi qaz ixracında 60,48 % paya bərabər olub.

Qeyd edək ki, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı 2025-ci ilin avqustun 2-dən etibarən başlayıb.

Ümumilikdə, cari ilin ilk 9 ayı ərzində Türkiyə 1 milyard 788,51 milyon kubmetr təbii qaz ixrac edib. Bu həcm əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 % artıq olub. Sentyabr ayında isə ümumilikdə 259,57 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2025-ci ilin eyni ayına nisbətən 11,67 % çoxdur.

Hesabat dövrü ərzində Türkiyədən ixrac olunan təbii qazın 1 milyard 197,1 milyon kubmetri (66,93 %-i) Suriyaya, 535,94 milyon kubmetri (29,97 %-i) Bolqarıstana, 0,75 milyon kubmetri (0,04 %-i) Şimali Makedoniyaya, 54,73 milyon kubmetri (3,06 %-i) isə Macarıstana yönləndirilib.

Sentyabr ayında ixrac edilən təbii qazın 157 milyon kubmetri (60,48 %-i) Suriyaya, 71,38 milyon kubmetri (27,5 %-i) Bolqarıstana, 31,18 milyon kubmetri (12,01 %-i) isə Macarıstana göndərilib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Türkiyə ümumilikdə 39 milyard 213,28 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2025-ci ilin 9 aylıq göstəricisi ilə müqayisədə 4,72 % az olub.

Sentyabr ayında Türkiyəyə 2 milyard 685,29 milyon kubmetr qaz idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,52 % aşağıdır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dolları olan 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

Layihənin birinci mərhələsində Suriyaya illik 1,2 milyard kubmetr təbii qazın tədarükü nəzərdə tutulur. Qaz Türkiyənin Kilis şəhəri üzərindən Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses sayəsində 1 200-1 300 meqavat gücündə elektrik istehsalına nail olunması planlaşdırılır.

Digər xəbərlər