Bəxtiyar Aslanbəyli: "Süni intellektin tətbiqi ilə bağlı əsas problemlər müəyyən olunmalıdır"

Süni intellektlə bağlı əsas problem onun tətbiqinin hüquqi tənzimlənməsi, etik davranışı və məsuliyyətinin müəyyən olunmasındadır.

"Report" xəbər verir ki, bunu BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən II Süni İntellekt Zirvəsi çərçivəsində panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, özlüyündə isə süni intellektə bir problem kimi baxılmalıdır: "Problem nəyisə dəyişməkdə deyil, həmin dəyişikliklərin gətirə biləcəyi məsələlərdir. Süni intellektin həyatımıza daxil olması ilə gətirdiyi məsələləri bizim necə tənzimləyəcəyimiz mühüm əhəmiyyət kəsb edir. Bəşəriyyət artıq bir dəfə sosial media həyatımıza daxil olanda, bu hüquqi tənzimləməni düzgün etməyib. Bu gün istənilən şəxs dünyanın istənilən nöqtəsindən sosial mediaya daxil olub bir nağıl qəhrəmanının adına hesab açıraraq onun haqqında ağlına gələni yaza bilər. Bunun nə sosial, nə hüquqi məsuliyyəti yoxdur. Çünki zamanında sosial mediada pasportlaşma getməyib. Ona görə də həmin o platformadan həddən ziyadə fraud, təhqir kimi sui-istifadə halları var".

BP rəsmisi bildirib ki, süni intellekt bəlkə də gələcəkdə bütün proseslərin avtomatlaşmasına, sürətlənməsinə gətirib çıxara biləcək: "Biz neft-qaz sənayesində neftin olduğunu birinci aşkar etməliyik. Bunun üçün ilk olaraq seysmik tədqiqat aparılır, seysmik siqnallar göndərilir, onların laylar üzərində vibrasiyası əsasında datalar əmələ gəlir. Sonradan datalar təhlil edilir və müəyyən edilir ki, harda neftin olma ehtimalı yüksəkdir. O ehtimal olduqdan sonra kəşfiyyat quyusu qazılır və bu quyu qazıldıqdan sonra müəyyən orada neft və ya qaz olması edilə bilinir".

B. Aslanbəyli qeyd edib ki, bu proses əvvəllər superkompüterlər vasitəsilə həyata keçirilirdi: "Tutaq ki, bu dataları göndərirdik Hyustona. Orda da belə 3-4 ay ərzində hesablamalar gedir, ondan sonra elə bir data gəlirdi. Artıq 3-4 ay gözləmirsən, bu prosesi biz əvvəllər daha uzun müddətdə əldə edirdik, indi isə daha qısa müddətdə əldə edirik. Yəni biz daha qısa müddətə daha dəqiq məlumat əldə edirik və bununla da resurslara çıxışımız və resursların əlçatanlığı daha da çox olur və daha çox dəyər yaratmış oluruq".

Digər xəbərlər