Dan Sparks: "BP "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda qazma qurğularının sayını 8-ə çatdırmağı hədəfləyir"

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda fəaliyyət göstərən qazma qurğularının ümumi sayını 8-ə çatdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Geologiya və İşlənmə üzrə vitse-prezidenti Dan Sparks "AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar" adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Azəri-Mərkəzi-Şərqi" (ACE) platforması artıq istismara verilib: "Bu addımla yataqdakı qazma qurğularının ümumi sayı 6-dan 7-yə yüksəldi. Sualtı əməliyyatların icra olunması məqsədilə səkkizinci qazma qurğusunun da cəlb edilməsi planımıza daxildir. Bundan əlavə, qazma qurğularından müstəqil şəkildə quyularda müdaxilə etməyə imkan yaradan avadanlıqlar tətbiq etməklə bu işlərə həsr olunan günlərin sayını xeyli dərəcədə artırmışıq. Başqa sözlə desək, gəmilərdən və müstəqil texniki vasitələrdən istifadə etməklə də quyularda əməliyyatlar aparmaq mümkündür".

D.Sparks əlavə edib ki, hər platformada bir qazma qurğusu mövcud olsa belə, əlavə iş imkanları sayəsində eyni vaxtda yalnız bir platformada deyil, iki quyuda paralel fəaliyyət göstərə bilirik: "Bütün bu görülən tədbirləri və əlavə investisiya qoyuluşlarını nəzərə aldıqda, təqribən dörd illik müddət ərzində bir quyu üzərində aparılan iş günlərinin sayını 50 % artırmağa nail olmuşuq. Beləliklə, həmin dövr ərzində əməliyyat həcmimiz 50 % genişlənib".

Digər xəbərlər