Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 54,4 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 14 % çoxdur.
Məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 288,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu, daha əvvəlki ilin 10 ayı ilə müqayisədə bu sahədə 3,5 % artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,7 % artaraq 406,8 milyon manat təşkil edib.
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 22 milyard 351 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,2 % çoxdur. Bunun 21 milyard 612 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 5 % çoxdur.
Bunun 1 milyard 435,2 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 32,7 % çoxdur.
Bunun 20 milyard 83,2 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,6 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 39,2 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2021-ci ilin yanvar-oktyabr göstəriciləri ilə müqayisədə 48,1 % azdır.