Azərbaycanda benzin istehsalı 8 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 511,6 min ton həcmində avtomobil benzini istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 8,5 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 1 milyard 781,4 milyon manat təşkil edib. Bu, 2023-cü ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 5,3 % çoxdur.

Bu ilin ilk 4 ayında ölkədə 791 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 5,3 % çoxdur.

Hesabat dövründə 20,3 min ton sürtkü yağları, 70,5 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 4 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 3,8 % azalıb, neft bitumunun istehsalı isə 27,3 % artıb.

Həmçinin, ilin yanvar-aprel aylarında ölkədə 76,2 min ton maye qazlar, 213,7 min ton ağ neft, 79,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 16,9 %, neft koksunun istehsalı 5,9 % azalıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 19,1 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Qala qəsəbəsində qaz olmayacaq 28 yanvar, 2026 / 09:20
Azərbaycan nefti ucuzlaşıb 27 yanvar, 2026 / 09:53