Azərbaycan polipropilen ixracını 2 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 53 min 677,2 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 57 milyon 235,38 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 dəfə 41,4 % çoxdur.

Polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,9 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,36 % təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Digər xəbərlər