Azərbaycan polietilen ixracını 15 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 79 min 293 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 88 milyon 528,35 min ABŞ dolları təşkil edib.

Bu, 2024-cü ilin ilk 7 ayının göstəricisi ilə müqayisədə müvafiq olaraq 15,6 % və 18,5 % çoxdur.

Hesabat dövründə polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,24 %, ölkənin ümumi ixracında payı isə 0,58 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Digər xəbərlər