Azərbaycan metanol ixracından qazancını 10 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 245 min 938,15 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 59 milyon 790,65 min ABŞ dolları təşkil edib.

Bu, 2024-cü illin 7 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 10,1 % az və 9,6 % çoxdur.

Hesabat dövründə metanolun qeyri-neft sektoru üzrə ixracda payı 2,86 %, ölkənin ümumi ixracında payı isə 0,39 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Digər xəbərlər

Qala qəsəbəsində qaz olmayacaq 28 yanvar, 2026 / 09:20