Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci ən böyük qaz-kondensat yatağı olan “Abşeron”dan bu il 200 min ton (kondensat) neft hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 10 ayı üzrə operativ məlumatlarında deyilir.
Ümumiyyətlə bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 25,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon ton və ya 7 % azdır.
Bildirilir ki, respublika üzrə neft hasilatının 15 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 3,6 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. Bu da 2022-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə AÇG üzrə 2,1 milyon ton və ya 12,3 % azdır. “Şahdəniz” yatağı üzrə hasilatın həcmi isə ötən illə eyni səviyyədədir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib ki, bu da ötən ilin 10 ayının dövrü ilə müqayisədə eyni səviyyədədir.
Qeyd edək ki, "Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında "Total" şirkəti "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.
Bu ilin iyul ayında yataqda hasilata başıanılıb, avqustun 4-də isə SOCAR, Fransanın “TotalEnergies” şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair Saziş imzalanıb.
Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 % iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcək.
Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.