Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olunub

Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olunub.

"Report" xəbər verir ki, elm və təhsil nazirinin müvafiq əmri ilə Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər.

Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb, Qlazqo Universitetində tələbə mübadilə proqramında iştirak edib, SOAS London Universitetində isə inkişaf elmləri üzrə magistratura təhsilini başa vurub. O, əmək fəaliyyətinə Xəzər Universitetində başlayıb. 2019-cu ildən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunda müxtəlif vəzifələrdə çalışıb, 2021–2024-cü illərdə həmin qurumun Təhsildə innovasiyalar şöbəsinin müdiri olub. Bununla yanaşı, Böyük Britaniya, Belçika Krallığı və ABŞ-da müxtəlif müəssisələrdə iş təcrübəsi qazanıb. A.Abbasova 2024-cü ildən indiyədək Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müşaviri vəzifəsini icra edib. Hazırda Bakı Dövlət Universitetində müəllim kimi də fəaliyyət göstərir.

Emin İsmayılov Türkiyənin Koç Universitetində biznesin idarəedilməsi ixtisası üzrə bakalavriat təhsili alıb və həmin ali təhsil müəssisəsində sahibkarlığın inkişafı üzrə ixtisaslaşma proqramını tamamlayıb. Əmək fəaliyyətinə "Baker Tilly Azerbaijan" şirkətinin Biznes Məsləhətləri departamentində başlayıb. Daha sonra PAŞA Həyat Sığorta şirkətinin Strategiya və İnvestisiya departamentində fəaliyyət göstərib. Təyinatadək SABAH.HUB İnnovasiya Mərkəzinin Strategiya və Layihələrin İdarəolunması departamentində çalışıb.

Digər xəbərlər