Almaniya XİN başçısı: Cənubi Qafqaz Avropa üçün imkanlar regionudur

Bütün Cənubi Qafqaz Avropa üçün imkanlar regionudur.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Danışıqların gedişatında biz bir daha əmin olduq ki, bütün Cənubi Qafqaz biz avropalılar üçün imkanlar regionu, ümid bəslədiyimiz bir regiondur. Azərbaycanın burada aparıcı rol oynaması yaxşı haldır və məhz buna görə də bu, vacibdir", - o qeyd edib.

Y.Vadefulun sözlərinə görə, indi tərəflər əməkdaşlığın genişləndirilməsi üzrə konkret addımlara keçməlidirlər. O, Azərbaycan və Almaniyanın razılığa gəldikləri İqtisadi Şuranın yaradılmasına xüsusi əhəmiyyət verib. Nazir vurğulayıb ki, bu struktur ən qısa müddətdə formalaşdırılmalıdır.

O, həmçinin Almaniyanın federal iqtisadiyyat və energetika naziri Katerina Rayxeyə azərbaycanlı həmkarı ilə qarşılıqlı fəaliyyəti fəallaşdırmaq xahişi ilə müraciət etmək niyyətində olduğunu bildirib.

Nazir təhsil sahəsində, xüsusən də iki ölkənin universitetləri arasında əməkdaşlıq perspektivlərini qeyd edib. Onun sözlərinə görə, Almaniya qarşılıqlı fəaliyyətə ilk növbədə texniki ali məktəbləri cəlb etmək üçün federal torpaqlara müraciət etmək niyyətindədir.

Bundan əlavə, Vadeful Höte İnstitutunun Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edib. O, ölkə sakinlərinin alman dilini öyrənməyə olan marağına diqqət çəkib və bu təşəbbüsün həyata keçirilməsi üçün lazımi imkanların tapılacağına ümid etdiyini bildirib.

"Digər ölkələrdəki uğurlu təcrübəmizi nəzərə alaraq, belə bir əməkdaşlığı yenidən təklif etmək istərdim", - nazir əlavə edib.

Digər xəbərlər