Ukraynadakı münaqişə məsələsinin həlli üzrə müəyyən proseslər artıq baş verir.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp APEC sammitində Çin və Rusiya liderləri Si Cinpin və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib.
"Bu gün Prezident Putinlə uzun sürən söhbətimiz oldu. Biz uzun müddət danışdıq və demək olar ki, bütün müzakirə məhz bu məsələyə həsr olunmuşdu", - Tramp bildirib.
Onun sözlərinə görə, artıq müəyyən proseslər baş verir.
"Hesab edirəm ki, o (Vladimir Putin, - red.) da mənim kimi bu münaqişənin başa çatmasını istəyir. Ümid edirəm ki, digər tərəf də münaqişənin dayandırılmasında maraqlıdır", - Tramp qeyd edib.
ABŞ lideri Ukrayna ilə bağlı dialoqun bundan sonra da davam edəcəyini bildirib.
"Üçümüzün müzakirə edəcəyi çox məsələ var və artıq bir çox məsələni müzakirə etmişik. Dünyanın üç ən böyük ölkəsinin liderləri olaraq biz təkcə xalqlarımıza deyil, həm də bütün planetə təsir edən məsələlər üzrə açıq, məhsuldar və hörmətə əsaslanan dialoqun qorunub saxlanılması üçün xüsusi məsuliyyət daşıyırıq", - Tramp bildirib.
O, aralarında müxtəlif mübahisəli məsələlərin yarandığı ölkələr arasında dialoqun vacibliyini vurğulayıb.
"Keçmişdəki liderlər çox vaxt aralarında fikir ayrılıqlarının mövcud olduğu ölkələrlə danışıqlardan qaçırdılar. Biz əks yanaşmanın tərəfdarıyıq və onun düzgünlüyünə əminik", - o qeyd edib.