Azərbaycan və Ermənistan çoxillik münaqişədən sonra sülhün bərqərar olması üçün tarixi imkan yaratmaq məqsədilə ötən ilin avqustunda keçirilmiş Vaşinqton sammitindən istifadə ediblər. Almaniya öz növbəsində sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir.
"Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, yeni nəqliyyat marşrutları da Azərbaycan və Ermənistan arasında sülh prosesinə mühüm dəstək ola bilər.
"Onilliklər boyu davam edən münaqişə, əzab-əziyyət, müharibə və məcburi yerdəyişmədən sonra sülhün bərqərar olması üçün fürsət yarandı. Biz bu tarixi imkanı yaratmaq üçün ötən ilin avqustunda Vaşinqton sammitindən istifadə etdiklərinə görə tərəflərə çox minnətdarıq", - almaniyalı nazir qeyd edib.
O vurğulayıb ki, indi qalan işləri tamamlamaq lazımdır. Y.Vadefulun sözlərinə görə, bu məsələ onun bu gün və sabah Ermənistanda keçirməyi planlaşdırdığı danışıqların əsas mövzusu olacaq.
"Mən yekun sülh sazişinin imzalanması üçün bütün zəruri addımların atılmasına kömək etmək niyyətindəyəm. Buna hazır olduğunu burada bir daha təsdiqlədiyinə görə Azərbaycan Prezidentinə çox minnətdaram", - Y.Vadeful bildirib.
Almaniya XİN başçısı baş verənləri təkcə iki ölkənin hökumətləri üçün deyil, həm də Avropa üçün münaqişələrə son qoymağın, kompromislər tapmağın və beynəlxalq hüquqa əməl olunmasını təmin etməyin mümkün olduğunu nümayiş etdirmək nöqteyi-nəzərindən tarixi fürsət adlandırıb.
O, həmçinin xatırladıb ki, son illərdə Almaniya Azərbaycan və Ermənistan arasındakı sülh prosesində konstruktiv və dəstəkləyici rol oynamağa çalışıb. Nazir əmin edib ki, Berlin gələcəkdə də bu mövqeyə sadiq qalmaq niyyətindədir.