Zelenski müharibəni davam etdirməyə hazır olduğunu açıqlayıb

Müharibənin başa çatması ilə bağlı yaxşı saziş imzalamaq imkanı olmasa, Ukrayna Rusiya ilə mübarizəni davam etdirməyə hazırdır.

"Report"un məlumatına görə, bunu Ukrayna lideri Volodimir Zelenski "The Atlantic" nəşrinə müsahibəsində bildirib.

Nəşrin məlumatına görə, ölkə prezidentinin yaxın ətrafının bəzi üzvləri Ukrayna ilə Rusiya arasında sülh sazişinin bağlanması üçün imkan pəncərəsinin bağlanmasından narahatlıq keçirirlər. Onların fikrincə, əgər bu bahar müharibənin başa çatması haqqında razılaşma əldə olunmasa, Kiyevi illərlə davam edəcək hərbi əməliyyatlar gözləyir.

"The Atlantic" yazıb ki, Zelenski, öz növbəsində, müsahibəsində xalqını pis sövdələşməyə razı salmaqdansa, ümumiyyətlə, sazişdən imtina edəcəyini vurğulayıb. Həmçinin Ukrayna Prezidenti dörd illik tammiqyaslı müharibədən sonra mübarizəni davam etdirməyə hazır olduğunu əminliklə qeyd edib. "Ukrayna uduzmur", - deyə o, döyüş meydanındakı vəziyyəti şərh edərkən bildirib.

Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək səylərini də şərh edib.

"Tramp üçün Rusiya və Ukrayna arasındakı müharibəni dayandırmaqdan böyük qələbə yoxdur. Onun irsi üçün bu, bir nömrəli vəzifədir. Tramp üçün ən sərfəli vəziyyət bunu aralıq seçkilərə qədər (2026-cı ilin noyabrı - red.) etməkdir", - deyə Zelenski bildirib. "Bəli, o, ölümlərin daha az olmasını istəyir. Amma yetkin insan kimi danışsaq, bu, sadəcə onun üçün qələbədir, siyasi qələbə", - UKrayna lideri əlavə edib.

Digər xəbərlər