Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında başa çatacaq prezidentlik müddətindən əvvəl büdcə kəsirinin məhdudlaşdırılmasını nəzərdə tutan "qızıl qayda"nı ölkə Konstitusiyasında təsbit etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "La Tribune Dimanche" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, konstitusiya dəyişikliklərinin əsasını 2011-ci ildə o zamankı Baş nazir Fransua Fiyonun hökuməti tərəfindən hazırlanmış islahat layihəsi təşkil edə bilər.
Həmin sənəd parlamentin hər iki palatasının təsdiqini alsa da, qüvvəyə minməyib. O vaxtkı Prezident Nikola Sarkozi prezident seçkiləri ərəfəsində məsələni referenduma çıxarmaqdan imtina edib. Parlament palatalarının birgə iclasında islahatın qəbul edilməsi isə Sosialist Partiyasının müqaviməti səbəbindən mümkün olmayıb.
Qəzet yazır ki, Makron konstitusiya islahatını parlamentin Milli Assambleya və Senatdan ibarət Konqresinin birgə iclası vasitəsilə qəbul etdirməyi planlaşdırır. Bu iclasın 2027-ci ilin yanvarında keçirilməsi mümkündür.
Dəyişikliklərin qəbul edilməsi üçün səsvermədə iştirak edənlərin azı beşdə üçünün dəstəyi tələb olunur. Nəşrin qiymətləndirməsinə görə, mərkəzçi və sağ siyasi qüvvələrin, o cümlədən müxalifətdəki "Milli Birlik" partiyasının dəstəyi ilə lazımi səs çoxluğunu təmin etmək mümkündür.
Bununla belə, "Qızıl qayda"nın tətbiqini dəfələrlə dəstəkləyən Marin Le Pen 2011-ci il layihəsini öz partiyasının təklifləri ilə müqayisədə kifayət qədər işlənməmiş hesab edir.
Bundan başqa, əvvəllər təsdiqlənmiş sənədə ediləcək istənilən dəyişiklik onun parlamentin hər iki palatasında yenidən müzakirəsini tələb edəcək. Bu isə təşəbbüsün həyata keçirilməsini çətinləşdirə bilər.
Yelisey sarayı mümkün konstitusiya islahatının hazırlanması ilə bağlı məlumatı şərh etməyib.