İraqın dövlət aviaşirkəti "Iraqi Airways" Tunisin cənub-qərbində dayanacaqda saxlanılan iki "Boeing 747" təyyarəsini satışa çıxardığını elan edib.
"Report" xəbər verir ki, bu barədə aviaşirkətin saytında elan yerləşdirilib.
Söhbət İraq hökumətinə məxsus olmuş və Səddam Hüseynin uçuşları üçün istifadə etdiyi, qeydiyyat nömrəsi YI-ALM olan "Boeing 747SP" təyyarəsindən, eləcə də 330 sərnişin tutumuna malik "Boeing 747-200" modelindən gedir.
Hər iki təyyarənin qiyməti 900 min dollar müəyyən edilib.
Satışın təşkili məqsədilə İraqın Tunisdəki səfirliyi yanında xüsusi komitə yaradılıb. Komitə potensial alıcıların müraciətlərini dekabrın 21-dən yanvarın 5-dək qəbul edəcək.
"Iraqi Airways"dən bildirilib ki, təyyarələr mövcud texniki vəziyyətində, heç bir zəmanət verilmədən satılır. Onların daşınması, mülkiyyət hüququnun rəsmiləşdirilməsi, gömrük rüsumları və mümkün təmir xərcləri alıcıların üzərinə düşəcək.
Hər iki hava gəmisi 1982-ci ildə istehsal olunaraq İraqa təhvil verilib.