Vuçiç: Serbiya 1,5 il ərzində hərbi gücünü iki dəfə artırmağı planlaşdırır

Serbiya növbəti il yarım ərzində hərbi gücünü təqribən iki dəfə artırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu respublikanın Prezidenti Aleksandar Vuçiç Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair açıqlamasında deyib.

"Qarşıdakı dövrdə müdafiə imkanlarımız əhəmiyyətli dərəcədə gücləndiriləcək. Növbəti il yarım ərzində hərbi gücümüzü, demək olar, iki dəfə artıracağıq", - Serbiya lideri qeyd edib.

Vuçiçin sözlərinə görə, Milli Təhlükəsizlik Şurasının iclasında ordunun və ölkənin müdafiə potensialının gücləndirilməsi üçün növbəti addımlar müzakirə olunub. "Hərbi sənayeyə əlavə sərmayələrimiz olacaq, silahların əhəmiyyətli hissəsi ölkəmizdə istehsal ediləcək, bir hissəsini isə xaricdən alacağıq", - Vuçiç vurğulayıb.

O, strateji ehtiyatların yaradılması ilə bağlı yeni qərarların da qəbul edildiyi barədə məlumat verib. "Bura təkcə ərzaq deyil, həm də döyüş sursatları aiddir və onlar yüksək səviyyədə olmalıdır", - o qeyd edib.

Onun sözlərinə görə, şəxsi heyətin sayı 30 %, hərbi güc isə 100 % artırılacaq. "Bu, gələcəkdə ölkəmizin müdafiəsinin yeganə etibarlı yolu, həmçinin çəkindirmə amilidir", - Vuçiç fikirlərini yekunlaşdırıb.

Digər xəbərlər