Venesuela Trampın təhdidlərinə cavab olaraq tankerlər üçün hərbi müşayiət tətbiq edib

Venesuela hökuməti ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq tankerlər üçün hərbi müşayiət tətbiq edib.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" (NYT) xəbər yayıb.

Qeyd olunur ki, ABŞ Prezidenti Venesuela ilə biznes quran sanksiyalı tankerlərə qarşı blokada elan etdikdən sonra, neft məhsulları daşıyan bir neçə gəmi ölkənin şərq sahillərindən Hərbi Dəniz Qüvvələrinin müşayiəti altında yola düşüb.

Nəşrin məlumatına görə, Xose limanından neft məhsulları daşıyan gəmilər Asiya bazarlarına yola düşüb. ABŞ rəsmisi qeyd edib ki, Ağ Ev müşayiət xidmətindən xəbər tutub və müxtəlif variantları nəzərdən keçirir. Bu tankerlərin ABŞ sanksiyalarına məruz qalan gəmilər siyahısında olub-olmadığı məlum deyil.

Xatırladaq ki, daha əvvəl jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın 17 dekabr, çərşənbə günü yerli vaxtla saat 21:00-da (18 dekabr, Bakı vaxtı ilə saat 06:00) Oval Kabinetdə çıxışı zamanı Venesuelaya müharibə elan edəcəyini xəbər verib.

Bundan əvvəl siyasətçi Venesueladan ABŞ-nin mülkünü qaytarmasını tələb edib və respublikanın Cənubi Amerika tarixində ən böyük armada ilə tamamilə əhatə olunduğunu qeyd edib.

Digər xəbərlər