Venesuelanın Silahlı Qüvvələri ABŞ-nin ittihamlarını, təhdidlərini rədd edir və respublikanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyacaq.
"Report"un məlumatına görə, bu barədə Bolivar Respublikasının Müdafiə Nazirliyi teleqram kanalındakı bəyanatında bildirib.
"Venesuelanın Milli Silahlı Qüvvələri ABŞ Prezidenti Donald Trampın dekabrın 16-da silahlı hərəkətlərlə ölkəmizi həyasızcasına təhdid etdiyi, Venesuela neftini daşıyan gəmilərin müsadirə olunması məqsədilə tam dəniz blokadasının tətbiq edilməsini əmr etdiyi sərsəm açıqlamalarını qəti şəkildə rədd edir", - paylaşımda qeyd olunub.
Bəyanatda vurğulanır ki, Venesuelaya qarşı hərbi təhdidlərin artması rejim dəyişikliyinə, respublikanın neftinin və digər strateji ehtiyatlarının kobudluqla ələ keçirilməsinə yönəlib. Bildirilir ki, ABŞ Monro Doktrinasını dirçəltməyə və Qərb yarımkürəsində neokolonial dominantlıq qurmağa çalışır.
"Silahlı Qüvvələr Venesuela xalqı və polisi ilə birlikdə respublikanın konstitusiya və demokratik sistemini, ölkənin ərazi bütövlüyünü, hava və dəniz məkanı üzərində qanuni hüquqlarını qoruyacaq və azadlığı, suverenliyi, müstəqilliyi və sülhü sarsılmaz şəkildə müdafiə edəcək", - Venesuelanın Müdafiə Nazirliyi bildirib.