Livanın xarici işlər naziri İranı regionda sabitliyi pozmaqda günahlandırıb

Livanın xarici işlər naziri Yusif Raci Yaxın Şərqdə vəziyyətin sabitliyinin pozulmasında İranı günahlandırıb.

"Report"un "Al Arabiya"ya istinadən məlumatına görə, Raci bu barədə Küveytə səfəri ərəfəsində "Al-Rai" qəzetinə müsahibəsində bildirib.

Qurum rəhbəri Tehran öz siyasətini dəyişməyənə qədər regional böhranın davam edəcəyini bildirib.

Daxili siyasi vəziyyətdən danışan Raci qeyd edib ki, "Hizbullah" və onun bəzi müttəfiqləri hələ də dövlət strukturlarının bir hissəsinə nəzarət edir ki, bu da zəruri islahatların aparılmasına mane olur.

Nazir xəbərdarlıq edib ki, Livan hökumətinin və xalqının hərəkata münasibətdə səbri sonsuz deyil.

Raci həmçinin vurğulayıb ki, hakimiyyət Livanın İranın maraqları naminə yeni münaqişəyə cəlb olunmasına imkan verməyəcək.

O, ölkədə mümkün təxribatları və vəziyyətin sabitliyini pozmaq cəhdlərini istisna etməyib. Onun sözlərinə görə, Livan dövlətinə və ordusuna beynəlxalq dəstək var, lakin razılaşmaların icrası ləngiyir.

Digər xəbərlər