"SpaceX" və "Tesla" dekabrda birləşə bilər

Milyarder İlon Maska məxsus ABŞ şirkətləri "SpaceX" və "Tesla" 2026-cı ilin dekabrında birləşdiklərini elan edə bilərlər. Potensial sövdələşmə korporativ birləşmələr tarixində ən böyük əməliyyat ola bilər.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, şirkətlərin birləşməsi ilə bağlı danışıqlar irəliləyir. Hazırda tərəflərin direktorlar şuraları və məsləhətçiləri sövdələşmənin şərtlərini, eləcə də gələcək konqlomeratın idarəetmə strukturunu razılaşdırırlar.

Bununla belə, birləşmə barədə elanın 2027-ci ilin əvvəlinə təxirə salınması da istisna edilmir.

Birləşmə nəticəsində elektromobillər, enerji saxlama batareyaları, raketlər və peyklər istehsalını əhatə edən konqlomerat yaradıla bilər. Süni intellektin də birləşmiş şirkətin əsas inkişaf istiqamətlərindən biri olacağı gözlənilir.

Danışıqlarda müzakirə olunan məsələlərdən biri "Tesla"nın səhmdarlarının "SpaceX"in neçə səhmini əldə edəcəyidir. Bundan başqa, tərəflər "Tesla"nın Çindəki fəaliyyəti və "SpaceX"in ABŞ hökuməti ilə müdafiə sahəsindəki müqavilələri ilə bağlı məsələləri də həll etməlidirlər.

"Bloomberg"in qiymətləndirməsinə görə, "SpaceX"in bazar dəyəri 1,9 trilyon dolları ötür, "Tesla"nın dəyəri isə təxminən 1,5 trilyon dollar təşkil edir.

"SpaceX" və "Tesla" mümkün sövdələşmənin vaxtı ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Digər xəbərlər