Avropa Siyasi Birliyinin Sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi ölkəyə olan etimadın göstəricisidir

Avropa Siyasi Birliyinin Sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi ölkəyə olan etimadın göstəricisidir.

"Report"un Dublinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova bildirib.

Onun sözlərinə görə, Avropa Siyasi Birliyinin Azərbaycanda keçirilməsi ölkənin ciddi sabitlik amili kimi nəzərdən keçirildiyi deməkdir.

"Bu, çox yaxşı addımdır. O, müəyyən etimadı göstərir. Bu o deməkdir ki, Azərbaycan ciddi sabitlik amili kimi nəzərdən keçirilir. Əgər Azərbaycan bu gün burada təmsil olunursa, növbəti görüş isə artıq Azərbaycanda keçiriləcəksə, nəticə aydındır: Aİ Avrasiya və Asiya ölkələri ilə əlaqələri genişləndirir və şübhəsiz ki, Azərbaycan kənarda qala bilməz", - o bildirib.

"Report"un əməkdaşının Azərbaycana mümkün səfər barədə verdiyi sualı cavablandıran Makedoniya Prezidenti qeyd edib ki, ölkə səfər etmək üçün gözəl yerlərdən biridir.

"Həqiqətən, bu, gözəl bir ölkədir. Təkcə COP və tədbirin mükəmməl təşkilinə görə yox, həm də Nizami Gəncəviyə görə. Mən onun haqqında çox şey öyrənmişəm. Onun sizin mədəniyyətiniz, tarixiniz və xalqınız üçün necə böyük əhəmiyyət kəsb etdiyini bilirəm. O zaman heç vaxt unutmayacağım gözəl müzakirələr (Bakı Qlobal Forumu çərçivəsində - red.) baş tutmuşdu", - o bildirib.

Digər xəbərlər